Geyim Trendləri – 2022 Yaz Yay Sezonu

Dəb Trendləri - 2022 Yaz Yay Sezonu

Əziz modasevərlər, yaxın əyləşin. Çünki bu dəfəki mövzumuz növbəti mövsümün dəbli geyim trendləridir! Yeni mövsüm üçün qarderobunuzu yeniləməzdən əvvəl moda həftələrinin 2022 Yaz Yay nümayişlərindən olan qeydlərimizlə tanış olun.

Nümayişlərə nəzər saldıqda trendlərdə yenidən ötən illərdən qalma geyim ab-havası görə bilərsiniz. Ümumilikdə isə yaz və yayda daha rahat, minimal və feminen geyim sezonuyla qarşı-qarşıyasınız.

Rahat geyim hər şeydən vacibdir!

Son illərdə bəlkə də bütün dünya çox yorulduğundan rahatlıq maksimum səviyyəyə çatıb. Əlbəttə dəb trendlərində də artıq komfort ciddi önəm daşıyır. Əsnək material və geniş ətəklər yeni mövsümün ən dəyərli parçalarına çevriləcək. Artıq gözəllik qurban deyil, rahat geyim tələb edir.

Alberta Ferretti
Alberta Ferretti

Mini ətəkdən daha cazibədar geyim nə ola bilər ki?

Mövsümün ən cəlbedici notlarından olan mini ətəklər Christian Dior’dan Chanel’ə bir çox brendin nümayişlərində öz yerini tutdu. Hətta 60 və 80-ci illərdən dəbdə olan mini ətək və blazer pencək kombinasiyası yeni mövsümdə yolunuzu gözləyir. Demişdik axı, daha minimal və feminen geyim mövsümü!

Chanel

Disko üslubu geyim geri qayıdır

Mövzu geyim və dəb olduqda hər il 70’lərdən incə toxunuşlar görmək mümkündür. Bu mövsüm isə dövrün disko ruhu uçuşan geyim və parçalar ilə aramızdadır. Xüsusilə Elie Saab nümayişindən yadda qalan “Disco Queen” aurası indidən mövsümün sevimlisinə çevrilib. Deyəsən bu yaz gecə geyimləri ABBA’lı dövrləri yada salacaq.

Elie Saab
Elie Saab

Oversize geyim yenə bizimlədir

Futuristik geyim yanaşmaları sadəcə 2022 sezonunun deyil, ötən sezonların nümayişlərində də öz yerini tapmışdı. Bu il moda həftəsində Proenza Schouler’in düz və sadə üslubundan, Louis Vuittonun hərəkətli və canlı yanaşmasınadək bir çox nümunəvi geyim gördük. Sadə, ya hərəkətli fərq etməz, əsas odur ki, bu mövsüm də “oversize”lar bizimlədir!

Louis Vuitton
Louis Vuitton

Çiçəksiz də bahar olar?!

Bahara ən çox yaraşan trendlərdən olan çiçəklər özündə yüksək dozda pozitivlik ehtiva edir. Elə bu səbəbdən mövsümdə bütün geyim brendlərində müxtəlif çiçək növləri görməyiniz mümkündür. Xüsusilə Carolina Herrara yeni sezon üçün güllərdən ibarət bir sıra cəsur geyim hazırlayıb. Bu mövsüm əsl çiçəklərin zamanıdır!

Caroline Herrera
Caroline Herrera

Zolaqların cazibəsinə qapılacaqsınız!

Baharda çiçək təxmin edilə biləndir, bəs zolaqlar?! Orta əsrlərdən gələn bu mükəmməl rəng blokları da dəb və geyim üçün çox əhəmiyyətli yol göstəricisidir. Gücünü kontrastdan alan bu trend heç də düşündüyünüz qədər sadə deyil. Korsetlərlə kombin edilən zolaqlı geyim və parçalar mövsümə əyləncəli rəng qatacaq. 

Tory Burch
Tory Burch

Gəlinlik, amma azca fərqli

Yaxın gələcəkdə məşhur suala “Hə” demək kimi bir niyyətiniz yoxdursa belə, bu ağ rəngin valehedici aurasından zövq almağınıza mane olmayacaq. Nağıllardakıtək zərif, amma bir o qədər də real bir geyim trendi qarşınızdadır. Gəlinliyi xatırladan bəyaz geyim və libaslar gözünüzü və zövqünüzü oxşayacaq!

Alexander Mcqueen
Alexander Mcqueen

Bir az hərəkət!

Retro toxunuşlardan biri bu mövsümün “party trigger”lərindəndir. Rəqs edəcəksinizsə, 70-lərin optimist aurasını hər detalında hissedəcəyiniz saçaqdan daha doğru nə ola bilər ki?! Rodarte, Ferragamo və Oscar De La Renta kimi məşhur brendlərin yaz-yay kolleksiyalarında yer alan saçaqlara siz də qarderobunuzun dəyərli geyimləri arasında indidən yer ayırın.

Oscar De La Renta
Oscar De La Renta

Pişik qadın obrazına hazırsınız?

Yenilikçi olduğu və rahat hərəkət etməyə imkan verdiyi üçün kombinezonlar bu sezonun favoritlərindəndir. Roberto Cavalli’dən Burberry’yə az qala bütün nümayişlərdə gördüyümüz bu “pişik qadın” obrazı istə parıltı və çiçəklərdən ibarət şəkildə yaz və yay boyunca durmadan qarşımıza çıxacaq.

Saint Laurent
Saint Laurent

Minimalist dərzilik

Mövsümdə diqqətçəkən məqamlardan biri də Blumarine, Missoni və bir neçə başqa brendin mümkün qədər az parçadan hazırladığı geniş dekolteli kolleksiyaları oldu. Düşük belli mini ətəklər və ya daha çox bədən göstərən incə jaketlər. Görünür 2021-ci ildə qırmızı xalçada gördüyümüz trend 2022-də daha geniş yayılacaq. Əşi, bir az dekoltedən zərər gəlməz…

Lioness
Lioness

Sezonun dəb trendlərindən sizin ən bəyəndiyiniz və qarderobunuza əlavə edəcəyiniz hansıdır? Dəyərli fikirlərinizi mənimlə bölüşməyə çəkinməyin…

Bir cavab yazın

Your email address will not be published.