Moda və Gözəllik Trendləri – 2022 Yaz və Yay Sezonu

Moda-Gozellik-Trendleri-2022-Yaz-Yay-Sezonu

Hazır olun! 2022-ci ildə moda bizi 90’lara geri qaytarır!

Gözəllik sektoru elədir ki, hər sezon moda həftələrində köhnə illərdən mütləq nəyisə podiumda yenidən trend olaraq görürük. Amma bu sezon sanki bütövlükdə “geridönüş” sezonu olacaq. Pandemiya sonrası azadlıq və əyləncə xəyalları sezona canlı rənglər, darıxdığımız günlər və sənət əsəri təəssüratı bağışlayan stillərlə imzasını atıb.

Ortadan Ayrılan Saçlar Moda

Ən incə darağınızı indidən yaxın saxlayın. Çünki bu sezon çox ehtiyacınız olacaq. Gen Z belə ortadan ayrılan saçları sevdi. Elə buna görə də, çarpaz və digər ayırma stillərinizi bir müddətlik rəflərdə gizlətməli olacaqsınız. Düzdür, bu saç stili hər zaman istifadə edilirdi. Lakin Gen Z tərəfindən ciddi mühakimələrə məruz qalmışdı. Son moda həftəsində anladıq ki, bu simmetrik və zərif ayırma stilini yeni sezonda çox görəcəyik.

Qeyri-ənənəvi Saç Aksessuarları ilə diqqətçəkən moda

Sezonun ən canlı məqamlarından biri məhz saç aksessuarlarındakı çeşidlilik olacaq. Ən azından bunu həm Nyu-York, həm də London nümayişləri sübut etdi. Bu yaz kraliçatək hiss edəcəyiniz taclar, həştəqlərin haqqını verəcək 90-ların ən ikonik geri dönüşlərindən olan böyük və parlaq aksessuarlar saçlarınızı bəzəyəcək!

Klassik Qırmızı Dodaqlar ilə Cəzbedici Moda

Şübhəsiz ki, qırmızı dodaq boyası heç vaxt dəbdən düşmür. Amma onun populyarlığında dəyişmir desək yalan olar. Bu dəfəki dalğa isə sizi zirvəyə aparacaq gücdədir. Parlaq, ya mat heç fərq etməz. Əsas odur qırmızı olsun! Zərifliyin ilkin əlamətlərindən olan “rouge” bu sezon da zövqünüzü oxşamaq üçün trendlərin arasındadır.

Makiyaj var ya yox?

Gözəllik trendləri heç də Marsdan belə görünəcək rənglərdən ibarət deyil. Moda həftəsində bütün bu rəngarəngliklə yanaşı modellərin demək olar ki, makiyajsız olduğu nümayişlər də gördük. Yüngül teksturalı tonal və ya bb krem, ya da sadəcə ehtiyacınız olan hissələrə tətbiq edilmiş konsiler sizi trenddə saxlaya bilər. Təki dodaq parıldadıcınızı unutmayın, rəngsiz olsa belə!

Parıltı və Metallik Aksent — özü də Milleniuma yenidən girirmiş kimi!

Modellərinin üzündə parıltılı qaşlardan, zərif holoqrafik işıltılaradək, saysız nümayişlərdə sezonun parlaq metallik aksentini gördük. Alatoranlığın yaraşıqlı şəhzadəsi Edvard Kalntək parıldamağa hazır olun. Çünki zərdə heç vaxt standart ya da limit olmur!

Heç Neonsuz da 90’lar Olar?

Moda həftəsində ənənəvi “smoky eye”lar, ənənəvi qara laynerlər görməyə öyrəşmişik. Amma bu yaz-yay sezonun ən ikonik toxunuşlarından biri gözlərdəki cəzbedici neonlar idi. Canlı rənglərin göz qapaqlarınızı boyaması bir fəsil uzaqdadır. Neon dalğasına indidən hazır olun!

Parlaq Dodaqlar Modası

Parıltı sadəcə saçlar ya gözlərdə deyil. Həm də dodaqlarda indidən öz yerini tutub. Sezonun ən sadə, amma bir o qədər zərif toxunuşu olan parıldadıcılar sizi 90’ların sonu, 2000’lərin əvvəlinə geri qaytaracaq. Meyvə qoxulu parıldadıcıların auranızı yeniləməsinə indidən icazə verin.

Bu trendlərdən sizin ən çox sevdiyiniz və ya yolunu gözlədiyiniz hansıdır? Fikirlərinizi bizimlə bölüşməyə çəkinməyin. Dəbli Geyim Trendləri – 2022 Yaz Yay Sezonu məqaləmizdə 2022-ci ilin geyim trendləri ilə tanış ola bilərsiniz.

Bir cavab yazın

Your email address will not be published.