Səyahət zamanı 6 geniş yayılmış dəriyə qulluq səhvi

Başla
8 dəqiqəlik məqalə

Gəlin dürüst olaq: Bəzən gözəllik və dəriyə qulluq prosedurlarımızı səyahət edərkən yaddan çıxarırıq. Qulluq çantamızı (kosmetiçkamızı) yığarkən tənbəllik edirik, əvəzində gün işığı görməyən kitab və 50 cüt paltarlarımızı yığırıq və gündəlik təmizləmə və nəmləndirmə rutinimizdən imtina edirik. Bu məqalədə sizə səyahət zamanı ən çox rast gəlinən dəriyə qulluq səhvlərinin siyahısını hazırladıq.

#1: Üz təmizləmə məhsullarının əvəzinə makiyaj təmizləmə salfetlərindən istifadə

Hamımız çox rahat olduqları üçün üzümüzü yaş salfetlərlə təmizləyirik, lakin, evə qayıdanadək bir çox dəri problemləri ilə üzləşirik 😣 Üz təmizləmə prosesini bir göz qırpımında həll etsək belə, salfetlər üzümüzü tam təmizləmir, əksinə dərinin qoruma baryerində mövcud olan lazımi yağlarıda silib aparır. Bu da daha sonra dərinin özünü bərpa etmə prosesini olduqca çətinləşdirir. 

#2: Uçuşdan əvvəl və ya uçuş zamanı duzlu qida yemək və spirtli içki içmək

Uçuşdan öncə duzlu qidaların və içkilərin qəbulu dəridə şişkinliyə və nəmsizliyə səbəb olur. Təyyarə kabinində olduğunuz zaman isə bunun üzərinə hündürlüyü, aşağı rütubət dərəcəsini, hava təzyiqini də gəlin və beləliklə quru, nəmsiz, solğun və şişkin dəri üçün reseptiniz hazırdır. 

Biz sizə səyahət zamanı meyvə, tərəvəz, duzsuz ləbləbilər yeməyi, içkini isə su ilə əvəz etməyi tövsiyyə edirik. 

#3: Üz qulluğu alətlərinin unudulması

Asan bir şəkildə üz dərinizi bərpa etmək istəyirsiniz? “Gua sha” daşlarından və “facial roller” kimi alətlərdən istifadə edərək dərinizdəki şişkinliklərdən, yorğunluqdan və dəri sallanmalarından qurtula bilərsiniz. Alətlərdən 1-2 dəqiqə istifadə etsəniz dəri artıq mayeləri atmağa başlayacaq və beləliklə şişkinliklərdən azad olacaqsınız. Qan dövranı sürətlənəcək, dəri yenidən parlaq və canlı olacaq. 

#4: Qulluq rutinindən tamamilə uzaqlaşmaq

Tətilə çıxan sizsiniz, qulluq rutininiz deyil 😁 Davamlı olaraq qulluq rutininə riayət etmək dərinizin parlaq və canlı olmasını təmin edəcək. Səyahət edərkən dəriniz fərqli hava şəraiti, uçuşlar, duzlu qidalar və spirtli içkilərə görə daha da həssaslaşır. Nəticədə dəri səpgilərlə, qıcıqlanmalarla və nəmsizliklə üzləşir. 

Səyahət edərkən özünüzlə istifadə etdiyiniz qulluq məhsullarının səyahət ölçülərini aparmağı və qulluq alətlərinizlə birgə nəmləndirici kağız maskalarını və serumları tətbiq edib dərinizi extra nəmləndirməyi məsləhət görürük.   

#5: Uçuş öncəsi dərini extra nəmləndirməmək

Təyyarənin hava şəraiti çox quru olduğu üçün uçuşdan bir gün öncə, həmin gün və bir gün sonra daha çox nəmləndirici məhsullardan istifadə etmək vacibdir.

Məsələn, uçuşdan öncə nəm dəriyə ilk öncə serum, üzərindən isə daha qatı teksturalı nəmləndirici krem tətbiq edin. Bununla siz dərinin dartılıb qıcıqlanmasının qarşısını alacaqsınız. Daha quru dəriyə sahib xanımlara isə bir gün öncədən gecə kremi istifadə etməyi tövsiyyə edirik. 

#6: Tropik və rütubətli zonalarda göz makiyajından çox istifadə

Tropik, rütubətli və ya isti bir yerə gedirsinizsə, ağır göz makiyajından imtina etməniz yaxşı olar. Tərləmə, hovuz, çimərlik və günəş vannası səbəbilə bəzən suya davamlı olmayan göz makiyajınız axıb gözünüzü qıcıqlandıra və hətta iltihaba səbəb ola bilər. Yalnız suya davamlı maskara və layner istifadə etməyiniz kifayətdir. 

Bəs siz səyahət edərkən yuxarıdakı səhvlərdən hansını etmisiniz? Bu səhvlərin nəticəsində dərinizdə nə kimi problemlərlə üzləşmisiniz? Şərhlərinizi gözləyirik.