Avropanın mirvarisi Praqada gəzməli yerlər

Başla
15 dəqiqəlik məqalə

Adətən hər kəsin Praqaya üz tutmağa öz səbəbi olur. Praqa şəhəri kiməsə görə ad gününü, kiməsə görə isə toy mərasimini qeyd eləmək üçün əla səbəbdir. Sırf Çex pivəsini dadmaq üçün gələn turistlərin sayı isə bitmir. Bəziləri isə sadəcə reallıqdan uzaqlaşıb Praqa adlı nağıla düşmək üçün buranı seçir.

Mənim üçün Praqa səyahəti çox özəldir. İlk dəfə burda 2014-cı ildə oldum, bir çox yer yadımda qalmasa da, bir müddət sonra yenidən bura qayıdacağımı dəqiq bilirdim. Və nəhayət, 2019-ci ilin Mart ayında Praqada görməli yerləri ziyarət eləmək üçün yenidən sevimli Praqa ilə görüşdük.

Viza və biletlər

Çexiyaya səyahət etmək üçün Şengen vizasına müraciət etmək lazımdır. Viza üçün sənədləri toplamaq kifayət qədər asandır. Mart səfəri zamanı təkcə Praqa deyil, Budapeşt və Vyanaya da səyahət etdiyimiz üçün viza üçün iki seçimimiz var idi -Bakıdakı Macarıstan və ya Bakıdakı Çexiya səfirliyi. Bu iki səfirlik haqqında çox oxuyub məsləhət aldıqdan sonra seçimimiz Macarıstan səfirliyi oldu. Macarıstan Səfirliyinin rəsmi saytında bütün proses haqqında dolğun məlumat əldə edə bilərsiniz. Mən isə qısa olaraq qeyd edim ki, Fransa səfirliyindən sonra ikinci ən rahat səfirlik oldu. Sənədlərinizi təqdim etdikdən sonra, viza üzrə xidmət haqqını ödəyirsiniz və sadəcə sizə verilən tarixə qədər gözləmək qalır. Bu arada, viza qiyməti 35 EUR təşkil edir.

Ümumiyyətlə, son zamanlarda viza ilə bağlı bir çox yenilənmiş məlumat var ki, onları da sizinlə bölüşmək istəyirəm. Daha doğrusu yeni deyil, sadəcə bir çox vətəndaşımız bu qaydalara riayət etmədiyi üçün son zamanlarda viza alınma proseduru hamı üçün çətinləşib. Belə ki, vizanı hansı ölkəyə alırsınızsa, həmin olkədə ən çox gün keçirməlisiniz deyə bir qayda var. Bu qayda Çexiyaya viza almaq istəyənlər üçün də keçərlidir. Bir çoxları bu qaydanı çox da ciddiyə almadığı üçün, səfirliklər artıq bu məsələyə ciddi yanaşmağa və bu prosesə xüsusi diqqət yetirməyə başlayıblar.

Viza aldıqdan sonra ikinci mərhələ isə biletlərdi. Bakı-Praqa bilet qiymətləri ilə maraqlananlar yaxın oturun! 😀 Bu aralar üçün Kutaisidən Macarıstana sərfəli qiymətə bilet tapa bilərsiniz. Məsələn, Yeni İl üçün olan qiymətləri nəzərinizə çatdırmaq istəyirəm.

Biz uçuşu Budapeşta edib, ordan isə Pragaya üz tutduq. Əgər sizdə belə bir səfər planlayırsınızsa ona uyğun marşrutu da aşağıda sizin üçün buraxıram.

Budapeştə Bakıdan reyslər var. Biletləri öncədən aldıqda qiymətlər elə də qorxulu olmur. Daha sonra ise Budapeştdan Pragaya FlixBus ilə 8 saatlıq yol sizi gözləyir.

Lakin, Ryanair ilə də 1 saat ərzində Budapeştdan Pragaya çatmaq mümkündür. RyanAir biletlərinin qiyməti 20-25 EUR arası dəyişə bilər. Aşağıda hər iki variantı sizə təqdim edirəm.

Praqada qalmağa yerlər

Airbnb-dən ev kirayələdiyimi desəm yəqin ki, heç birinizə təəccüblü gəlməz artıq 🙂

Hər səfər qabağı olduğu kimi, qalmaq üçün həm hostel, həm də evlərə baxdım. Düzünü desəm, Praqada elə də ürəyimə yatan hostel olmadı. Airbnb-dəki evlərə gəldikdə isə, buradan seçdiyim və qaldığım ev ideal idi. Yerləşdiyi yerdən tutmuş, evin interyerinə kimi hər şey. Aşağıda sizə qaldığım ev, və bir neçə bəyəndiyim evlərin linkini yerləşdirəcəm:

Cozy Apartment in the Old Town of Prague

Flying bed & private bathroom – 10 min to center!

Light, quiet and spacious apt at perfect location

Ev sahibi Jiri tez-tez endirim edir, biz getdiyimiz müddətdə ev endirim ilə günü 20 USD olmuşdu. Ev çox səliqəli və təmiz, rayon isə yaşıl və sakitdir.

Alternativ olaraq 1-2 hostel də paylaşıram:

A&O Prague Rhea

MeetMe23

Budapeştdə paltodan çıxmırdıqsa, Praqada istidən bişirdik. Mart ayı üçün orda hava çox istidi idi. Bəziləri isə bu havanı dəyərləndirib günəş vannası qəbul edirdi 😀

Karlov most

Praqada gəzməli yerlər üzrə TOP-10 qurmalı olsam, 1-ci yeri fikirləşmədən Karlov körpüsünə vermiş olaram.

Turistlərin axın etdiyi mövsümdə bu körpü xüsusi olaraq canlanır. Müxtəlif ölkələrdən gələn küçə müsiqiçiləri, rəssamlar və əl işlərini təqdim edən ustalar. Biz orda olduğumuz müddətdə körpüdə insanlardan ibarət olan tıxacın olmasına baxmayaraq, bütün atmosferi hiss edə bilmişdik. Axşam saatlarında isə orada çox gözəl mənzərə ilə rastlaşa bilərsiniz. Əgər Praqa Turları ilə maraqlanırsınızsa, tura Karlov Körpüsünün də daxil olduğuna əmin olun. Bu arada, Praqa tur qiymətləri də bahalı deyil, münasib qiymətə bir çox gəzməli yeri əhatə edən turlar tapmaq olar.

Staroměstské náměstí

“Staroměstské náměstí” meydanı memarlıq əsərləri ilə əhatə olunmuşdur. Orijinal formada qalan köhnə nağıl küçələri məhs burdan başlayır. Meydannan zövq alın, çoxlu şəkil çəkin və Avropanın ən qədim meydanlarından birini yadınızda saxlayın. Staroměstské náměstí-də ilin istənilən vaxtında müxtəlif ölkələrdən çox sayda turist axını görə bilərsiniz.

Elə ordaca Old Town Hall-a qalxmağı məsləhət görürəm. Ordan sizə Praqanın ən gözəl mənzərəsi açılacaq. Giriş ödənişsizdir.

Franz Kafka Museum

Praqa çox fərqli ola bilir: səliqəli, aristokratik şəkildə kilsələri və şəhər salonları ilə yüksəlmiş, səs-küylü, müsiqi küçələri ilə zəngin bəzən isə anlaşılmaz. Belə Praqanı tanıyırsınız? Bu, Kafkanın Praqasıdır və onun topoqrafiyası sadədir – ölməz yazıçının yaradıcılığı , şəhərinə sevgidən və eyni zamanda nifrətdən ibarətdir. İndi yuxarıda danışdığım Praqa ilə Frans Kafka Muzeyində tanış ola bilərsiniz. Burada yalnız yazıçının həyatı və yaradıcılığı haqqında deyil, ümumiyyətlə Praqadakı həyat və ümumiyyətlə həyatdan bəhs olunur.

Praqada yeyib-içmək

Bu, “Praqada hara getmək və nəyi görmək lazımdır?” fikri də deyil, daha çox “must see” bölməsinə aiddir. Çex pivəsi dünyada ən yaxşı pivə sayıldığı üçün Praqanın hər küncündə çex pivəsi ilə qarşılaşa bilərsiniz. Növləri çoxdur, qiymətləri isə münasib.

Küçə kafelərində nəsə atışdırın. Praqanı görməyə tələsdiyiniz və nahar üçün vaxt itirmək istəmədiyiniz zaman, gəzinti və ya ekskursiya zamanı yol boyunca yemək üçün bir çox kafe qarşınıza çıxacaq. Şirin pastalar, qlintveyn, alma sirkəsi və qızardılmış pendirli sendviçlər Praqanın görməli yerlərini daha da yaxşı araşdırmaq üçün güc verəcək.

Trdlo (Trdelník) nədir?

Ayrıca olaraq isə Trdlo (Trdelník)  haqqında danışmağ istəyirəm və sonsuza qədər danışa bilərəm. Çünki dünyanın ən dadlı deserti adına layiqdir!

Staroměstské náměstí-nin hər bir hissəsində “Trdlo” və ya “Trdelnik” adlı kafelər və ya adi qənnadı mağazası görə bilərsiniz. Demək olar ki, hamısının dadı oxşuyur, lakin bir kafe var ki, orda çex bulkalarının içi üçün 100-dən çox əlavə görmək olar.

Bu yerdə Praqa haqqında olan bloqun 1-ci hissəsini bitirmək istəyirəm. Danışılası və göstəriləsi hələ çox şey var, ona görə də stay tuned!