Fransada gəzməli 3 ən gözəl şəhər – Paris, Strasburq, Lyon

Başla
20 dəqiqəlik məqalə

Fransa zəngin tarixi və möhtəşəm mədəni irsi ilə fərqlənən Avropanın ən gözəl və maraqlı ölkələrindən biridir. O, gözəl mənzərəli təbiəti, kiçik və rahat köhnə şəhərləri, müasir meqapolisləri  və dəbli kurortları, dünya şöhrətli muzeyləri və incə mətbəxi ilə məşhurdur. Fransa, dünyanın ən populyar turizm məkanı olan inanılmaz bir ölkədir. Lakin onu da bilmək lazımdır ki, Fransa hər kəsin sevə biləcəyi ölkə deyil.

Fransaya ilin istənilən mövsümü səyahət etmək olar. Lakin, səyahət üçün ən ideal vaxt May-Oktyabr ayları sayılır. İyul və Avqust ayları isə ən çox turist axının olduğu aylardır. Mən isə Avqust ayının ortalarında Fransanı fəth etməyə başladım. Düzünü demək gərəkirsə, hava çox təəccübləndirdi. Səyahətə başlamamışdan əvvəl hava haqqında oxudum və bütün yay aylarına nisbətən Avqust ayının daha isti olduğu bildirilirdi. Amma buna baxmayaraq hava kifayət qədər soyuq idi.

Fransaya səyahət zamanı yalnız üç şəhəri ziyarət edə bildim. Seçimim isə – Paris, Strasburq Lyon oldu. Məhz bu üç şəhər Fransa haqqında hansısa bir fikir formalaşdırmağa kömək edəcək. Bu bloqda hər üç şəhər haqqında ətraflı məlumat verəcəm, həmçinin marşrutlarımı və Fransada yararlana biləcəyiniz ən sərfəli təklifləri sizinlə bölüşəcəyəm.

VİZA VƏ BİLETLƏR

Fransaya səyahət etmək üçün Şengen vizası üçün müraciət etmək lazımdır. Viza üçün sənədləri toplamaq kifayət qədər asandı. Ümumiyyətlə, fransa səfirliyi digər səfirliklərə nisbətən ən rahat və problemsizdir. Fransa Səfirliyinin rəsmi saytında bütün proses haqqında dolğun məlumat əldə edə bilərsiniz.

Vizadan sonra ikinci önəmli etap isə biletlərdi. Hər bir halda Kutaisidən Fransaya uçuş daha ucuz başa gəlir. Ümumiyyətlə, yola düşmədən bir neçə ay öncə yaxşı araşdırma etsəniz ortalama 120-150 $ aralığında ucuz təyyarə biletləri tapa bilərsiniz. Türk Hava Yolları və digər avia şirkətlərlə Bakıdan birbaşa uçuş da etmək mümkündür, lakin elə də sərfəli deyil. Adətən avia-biletləri Skyscanner-də axtardığım üçün sizə Kutaisi-Paris biletlərinin qiymətlərini görə və müqayisə edə biləcəyiniz link yerləşdirirəm. Linkdə ayları dəyişərək hər aydakı bilet qiymətlərini görə bilərsiniz. Mən nümunə olaraq 2019 Oktyabr ayını seçdim.

PARİS

Paris dedikdə ilk öncə ağıla xəyal və romantika, zərif memarlığ, dəbdəbəli butiklər, zəngin tarix, qədim küçələr və dünyanın hər yerindən qonaqları cəlb edən bir şəhər gəlir.

Parisə səyahət təşkil etmək elə də çətin deyil, çünki turistlər arasında məhşur olan bu şəhər əla turizm infrastrukturuna malikdir. Onun xüsusiyyətlərini anlamağınız, rahat və məhsuldar bir səyahət etməyiniz üçün bu məqalədə çox sayda faydalı məlumat, məsləhət və lifehack paylaşmışam.

Parisdə qalmağa yerlər

Yaşayış rayonları haqqında danışsaq, əlbəttə ki, mərkəzdə qalmaq çox rahat və əlverişlidir, lakin elə də ucuz deyil. Demək olar ki, bütün məhşur məkanlar bir-birinə yaxındır və mərkəzdə yerləşir, bu səbəbdən məhz o rayonlarda yerləşmək daha uyğun olduğuna görə ən bahalı da elə bu sahələr hesab edilir. Amma bu məqalə bu haqqda deyil. Ona görə də, sizə nisbətən mərkəzə yaxın eyni zamanda da sərfəli məkanlar haqqında məlumat vermək istəyirəm. Daha ucuz, lakin olduqca rahat qalmaq üçün Latın kvartalı və ya Saint Germain-də yerləşmək daha məsləhətlidir. Daha büdcəli rayon isə Montmatre-dir, ancaq orada yerləşən “Red lights” bölgəsinin Parisin ən təhlükəli və səs küylü yer olduğunu nəzərə almaq lazımdır.

Mən mənzil və ya hosteldə qalmağın tərəfdarıyam. Özüm Parisdə məhz hosteldə gecələmişdim. Əvvəlki postlarımda da qeyd etdiyim kimi, məhz kirayə evlərdə və ya hostellərdə yerli insanlara daha yaxın olmaq və şəhərin bütün əhval-ruhiyyəsini hiss etmək mümkündür.

Tapdığım bəzi sərfəli hostellər aşağıdakılardır:

  1. St Christopher’s Inn Paris Gare du Nord – Öz qaldığım hostel
  2. JO&JOE Paris Gentilly – Mərkəzdən 20 dəq.-lik məsafədə
  3. Parisin mərkəzinə 30 dəqiqəlik məsafədə yerləşən hostel

Səfərinizi planlaşdıran zaman əvvəlcədən Parisdəki gəzinti planınızı düşünməyə çalışın. Parislə tanış olduğunuzda mənzərələrdən zövq ala biləcəyiniz, panoramalı yerlərə üz tutun. Parisə panoramalı görüntüsü olan ən əsas məkan təbii ki, Eyfel Qülləsidir. Onnan sonra isə Tour  MontparnasseArc de Triomphe gəlir. Bunlardan savayı bir çox kilsənin ən yuxarısına qalxıb Parisi görmək olar.

Moulin Rouge

1889-cu ildə Paris Dünya Sərgisi təkcə Eyfel Qülləsinin inşası üçün deyil, həm də biznes tərəfdaşları Joséf Oller və Charles Siedler’i “Moulin Rouge” adı altında Blanche meydanında öz kabaretlərini yaratmalarına böyük təkan old. “Moulin Rouge” adı isə təsadüfən seçilməmişdir. Qədim dövrlərdən dəyirmanlar Montmartın simvolu hesab olunurdu və taxıl daşlamaq, gips və üzüm əzmək üçün istifadə olunurdular.

Jardin des Tuileries

Fransadakı ən böyük və ən qədim parklardan biridir və eyni zamanda şəhər sakinləri və qonaqları tərəfindən kifayət qədər məhşurdur.

Park 113 Rue de Rivoli, 75001 Paris ünvanında yerləşir. Bura şəhərin istənilən hissəsindən getmək üçün metrodan istifadə edin və M1 xəttindəki Tuileries stansiyasında və ya M7-də yerləşən Musée du Louvre’də enin.

Parisdəki Muzeylər

Sizinlə gedə biləcəyiniz muzeylərin siyahısını da paylaşmaq istəyirəm.

  • Musée du Louvre
  • Musée d’Orsay
  • Musée Rodin
  • Espace Dalí

STRASBURQ

Strasburq – Fransanın şərqində yerləşən nağıl səhifələrindən çıxmış ən gözəl şəhərlərdən biridir. Maraqlıdır ki, Strasburqun tarixi mərkəzi bütün digər Avropa şəhərləri arasında UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilklərdən biridir.

Notre Dame de Strasbourg

Avropanın ən möhtəşəm Qotik kilsələrindən biri və Orta Əsrlər memarlığının gözəl abidəsidir.

Çəhrayi qumdaşından hazırlanan Notre Dame günün vaxtından asılı olaraq rəngini dəyişir.

Kiçik Fransa

“Kiçik Fransa”, Strasburqun ən gözəl yerlərindən biridir, tarixi bir rayonda, yarı ağacdan hazırlanmış evlərlə zəngindir. Burada orta əsrlərdə sənətkarlar, balıqçılar və dəyirmançılar yaşayırdılar.

Elzas

Bura həm Strasburqun, həm də ümumiyyətlə Fransanın ən məşhur qastronomik bölgələrindən biridir. Zərif və yüksək keyfiyyətli məhsulların çoxluğunu təşkil edir. Quş əti və toyuğa qarnir kimi təklif etdikləri Baeckeoffe, Tarte Flambée, Spaetzle-lər ilə tanınır. Elzasda desert kimi müxtəlif tortlar və məşhur Kugel-şopf verilir. Yerli şərabları isə dünyaca çox məşhurdur.

LYON

Lyona getmə fikri spontan yarandı, lakin heç peşman olmadım. Buna baxmayaraq, ən çox çətinliyi də məhz burda yaşadım. Bir bir hamısını danışacam.

Strasburqdan Lyona Flixbus’ın minimal qiyməti 60 USD təşkil edir. 11-12 saatlığ yol çox yorur, hələ mindiyin avtobusda WiFi işləmirsə yatmaqdan başqa bir iş qalmır.

Lyonda qalmağa yerlər

Lyonda qalmaq üçün Slo Living Hosteli seçdim. Çox rahat yerdə yerləşir və səliqəli hosteldir. Di gəl ki, 100 EUR xırdalamaq üçün az qalsın Parisə göndərirdilər adamı. Ödəniş zamanı Pos-terminallarının işləmədiyinə görə nəğd olaraq onlara 100 EUR təqdim etdim, lakin onu da xırdalıya bilmədilər, beləliklə günümün yarısı şəhərdə pul xırdalamaq üçün yer axtarmaqla keçdi. Exchange mərkəzləri yalnız nömrə alsanız pul xırdalayacaq, aptekləri də hostel kimi. Məlum məsələ, ödəniş edilmədiyi üçün hələ də check-in edə bilmirdim. Bütün Lyonu axtarıb qayıdannan sonra Pos-terminal işlədi və nəhayət ki, baqajımı qoyub biraz özümə gələ bildim. 100 EUR hələ də xirdalanmamışdı)). Ancaq bu məsələyə sadəcə şanssızlıq deyək, çünki hostel kifayət qədər gözəl və təmiz idi, xidmətlərini də bəyəndim.

Lyonda gəzməli yerlər

“Old Town” Lyonun əsas cazibəsidir. 2000 ildən çox tarixi var və UNESCO-nun Dünya İrsi sayılır. Fransa İnqilabından sonra “şəhərin üzündə” qalan izlərə baxmayaraq, Lyon antik dövrün, orta əsrlərin və müasir dövrün bənzərsiz abidələrini qoruyub saxlaya bilib.

Lyonun əsas kilsəsi olan Saint-Jean’ın 9 əsrdən çox yaşı var. Kilsə köhnə şəhərdə yerləşir və bir hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. O, təkcə memarlığı ilə deyil, həm də astronomik saatı ilə diqqət çəkir.

Kilsənin ən gözəl tərəfi isə yuxarısından açılan panoramasıdır. Kilsənin iş saatlarına baxıb sonra getməyiniz daha məsləhətlidir, mən diqqət yetirmədiyim üçün düz iki dəfə gedib gəldim.

İş saatları : həftə içi 8:00 AM – 12:00 PM, 2:00 PM – 7:30 PM ;

Həftə sonu və bayram günləri isə 17:00-dəkdir.

Lyonda ən çox sevdiyim və özümlə Bakıya gətirmək istədiyim isə oradakı parklar oldu. Hər axşam həm turistlər, həm şəhərin sakinləri özləri ilə piknik üçün lazım olanları yığıb, böyük qruplar ilə parkda yığışıb istirahət edirlər.

Mən gedib çıxa bilməsəm də, Lyonun məhşur Zoo Parkına da getməyə tövsiyə edirəm.

Overall, Fransanı sevəcəyinizi ümid edirəm. Onun hər bir şəhəri, küçəsi xüsusi hisslər saxlayır yaddaşda.

Lakin, tək Fransa deyil, səyahət edəcəyiniz heç yeri öncədən ideallaşdırıb getməyin. Sonradan həmin yer haqqında hansısa bir fikir yaratmaqda çətinlik çəkəcəksiniz.

Bonus olaraq isə sizə Zaz’ın ən sevdiyim live session’nu saxlayıram, enjoy!