İndoneziyada 40 gün – bənzərsiz Java və Bali adaları

Başla
20 dəqiqəlik məqalə

Bir çox ölkələrdə olmuşam. Hamı sual verir, ən sevdiyin hansı oldu?! Ən bəyəndiyin kriteriyası səyahətçi üçün düzgün deyil məncə, ancaq ən çox həyatında rol oynayan, şəxsi inkişafına təsir edən ölkə sualına cavab olaraq ürək açıqlığı ilə İndoneziyanı bildirə bilərəm.

İndoneziyaya necə və nə üçün getdim?

Səyahət məqsədim turistik deyildi, sosial bir layihə üzərində iştirak etməli olduğum üçün getməli idim, nə az nə çox 6 həftəlik. Amma təbii ki, hansı səbəblə gedirsən get, İndoneziya elə bir yerdi ki, səni nə iləsə təəccübləndirə biləcək.

Bilet qiymətləri Bakıdan 800 $’dan çox idi. Lakin mən gedəndə 1 dollar 1 manata bərabər idi deyə, hələki pul söhbəti eləmirdim. 1 aydan az vaxtlıq gedirsinizsə, viza lazım deyil, amma 2 aylıq bir səfər üçün “cultural viza”ya müraciət etdim. 50 dollar idi xərci və çox rahat idi. İstanbuldan tranzit idi deyə, İstanbul – Cakarta uçuşum 11 saata yaxın elədi amma 2 dəfə yemək və Türk Hava Yollarının möhtəşəm xidməti başımı elə qatdı ki, heç hiss eləmədim.

İlk tanışlıq paytaxt Cakartadan başladı

İndoneziyanın paytaxtı Cakartadır. Getməmişdən az öncə bildim ki, İndoneziya müsəlman əhalisinə görə dünyada 1-ci yerdədi və məyus bir halda düşündüm ki, gedib orda da oxşar və ya eyni dəyərlər  və mədəniyyətlə qarşılaşacam. Ancaq məni böyük sürprizlər gözləyirdi.

Cakarta inanılmaz böyükdü. Yəni o qədər böyükdü ki, səhər 9-da işdə olmaq istəyənlər tezdən 5-də evdən çıxırlar. Yəkin kinolardan eşitmisiniz, “İstanbul trafiki”, “Nyu York trafiki” falan. Bilmirəm oralarda necədir, amma Cakarta trafiki ömrümü yedi. Metronun olmaması, bütün nəqliyyatlar vasitələrinin yerüstü hərəkət etməsi və sıx əhali… Dəhşət bir ortamdı.

Qorxmayın, buranın gözəlliyi də bundadır. Mən yerli ailədə qalırdım və çox yaxşı həyət evimiz var idi. Şəhərin bizdəki kimi mərkəz anlayışı çox da yoxdu, amma hündür binaları, labirintə oxşayan körpüləri görəndə başa düşürsən ki, bura mərkəz desən də olar. Cakartanı kəşf etməyə əslində uzun müddət lazımdı, amma buna nə qədər eytiyac var onu bilmirəm.Burada yaşadığım üçün mənə doğma gəlir, amma məqsədiniz səyahət olsa, Cakartada çox ləngiməyib Yogyakartaya (Cokcakarta kimi tələffüz olunur) gedin. Adı bilirəm oxşayır, amma google edib heyran olun: Yogyakart

Cakartadan mütləq ada turlarına gedin!

Cakartanın gəmi limanından bir çox yerlərə getmək olur. Amma yaxınlıq etibari ilə ən gözəli “Thousand Islands” yəni minlərlə adadan ibarət olan bir Okean hissəsidir. Yerli camaat ora Yava dənizi deyir, mən instagramda elə ‘Indian Ocean’ yazırdım ki, daha cool olsun. Sözüm onda deyil. 2 gün, 1 gecəlik bu adalara getdik xarici dostlarımızla və ən sevdiyim bir şey gəmi ilə gedərkən hər ölçüdə ada görməyim idi. Doğurdan da minlərlə ada var idi, şəhər ölçüsündə də, bir stol ölçüsündə də. Ucuz bir tur götürmüşdük, 30 $’a hər şey daxil. Lakin tualetli gəmi istəyirsinizsə (bəli, bizdə yox imiş), mütləq 70-80 dollar qıyın özünüzə. Çünki qalmaq yeri, yemək, snorklinq belə daxil olur bu turlara.

İki yadımda qalan əyləncə yeri var idi. Bilirsiz, desələr ki həmin kafelər şəhərin harasında idi bilmirəm, amma adları çox məşhur idi. “Lucy in the sky” pub-restorandır. Elə abu havası var ki, Asiyada olduğunu hiss eləmirsən. Bilmirəm bu yaxşıdı ya pis, amma Asiya hərdən adamın üstünə çox gəlir, ona görə də belə yerlərə də ehtiyac yaranır. İkincisi isə, mütləq məsləhət gördüyüm yer, bahalı inanılmaz mənzərəli Sky Bar 56th. 56-cı mərtəbədən mən Cakartanı görəndən sonra, inanılmaz nəhəng meqapolisin bir hissəs olduğuma görə fəxr elədim.

Bəs Baliyə getmədin?!

İstəmirdim. Dedim ora onsuz yeni evlilər gedir. Okeandı gördüm, təbiətdi hər yerdə var. Dost tanış qışqır-bağır elədi ki, bizi biyabır eləmə get, bir də nə vaxt gedəssən. Düzü, ən qorxduğum şey peşman olmaqdı deyə, Cakartadan 4 günlük gedib qayıtmaq daxil 100 $’a bilet aldım. 

Hərdən camaatın dediyinə də qulaq asmaq lazım imiş. Getməsəydim doğurdan mən, mən olmazdım. Mən hardan bilim ki, Balini səhv təbliğ edirlər. Sən demə elə bura tək və ya dostlarla gəlmək lazımdı. Mən tək idim. Onu qeyd edim ki, Bali sözünü çox işlətmirlər. Necə yəni? Məsələn, İndoneziya özü də Yava və Sumatra adaları üzərindədi əsasən, amma Cakartaya gedəndə kim deyir ki, Yavaya gedirəm? Heç kim. Deməli, hava limanında Denpasar yazılır, yəni hava limanının olduğu şəhər. Ordan isə Kutaya gedirsən. Kuta turistlərlə dolu olan, restoran,-pub, hard rock, çimərlik, selfi çəkən kütlə, masaj dolu bir yerdir. Əladı! Amma 1 gün, 2 gün. 

Ubud şəhərinə heyran oldum!

Balidə məni valeh edən şəhər Ubud oldu. Burada o məşhur “Eat, Pray, Love” kinosu çəkilib. Şəhərdə hüzur var. Çörək almağa gedəndə də qayıtmaq istəmirsən, hər küçə o qədər maraqlıdı. Düyü və qəhvə plantasiyaları adamı valeh edir. Mütləq qəhvə dadmağa gedin. Təəssüf ki, mən orada olanda çox da kofe sevən biri deyildim ki, dadları yaxşı ayırd edim. Amma orada kofelərin dadına baxan zaman mənə aydın oldu ki, zəncəfilli kofe mükəmməl bir şeydi. Burada öyrəndim ki, dünyanın ən bahalı qəhvəsi məhz burda istehsal olunur. Necə? Ağacda qəhvə tumları bitir, onu Luwak adlı heyvancığaz yeyir sonra onu harasa ifraz edir diri-diri (Toddy cat də deyirlər ona). İnsanlar sonra düşür meşənin canına, başlıyırlar Luwak nəcisi axtarmağa, siz də məni bağışlayın. Sonra onu yuyurlar, qurudurlar, dənəcikləri qovururlar, satırlar, olurlar varlı. Bu belə. 

Ümumiyyətlə, çalışın ki, Ubudda bir günlük sürücü daxil tur götürəsiniz. Mən bir nəfər yoldan keçənlə dostlaşdım və həmin o yol xərclərini böldüm. Həmin turu götürəndə sizən soruşmurlar hara istəyirsiniz, əksinə uzun bir şəkilli siyahı çıxardırlar ki, bax bunları çatdıra bilərik bir günə, siz özünüz bir ikisin çıxarırsız içindən ki, yorulub ölərik. 

Ubudda Mount Batur vulkanına qalxdım

Ubud şəhərində növbəti günümü həsr elədim aktiv vulkana. Mount Batur – 2000 metr-ə qədər hündürlüyü olan bir vulkandır. Maşın gecə saat 2-də dalınca gəlir vəhamını yığa-yığa, aparır səni o vulkanın ətəyinə. Adambaşına fənər və “zavtrak” üçün bir qutu verirlər. Yaxşı ki, bel çantamda dəyişmək üçün köynək və qalın gödəkçə götürmüşdüm. İnanılmaz zülmlə başlayırsan vulkana dırmaşmağa. Dırmaşmaq dediyin əslində gəzə-gəzədi. Amma səsləndiyi qədər sadə deyil. Yəni yarı yolda hündür daşlara dırmaşandan sonra oturub ağlamaq istəyirsənki, bəsdi day, mən öldüm. Hələ bu vulkandan iki dəfə çox hündürü də var idi, ora istəyirdim, yaxşı ki getməmişəm. 3 saatdan çox bura dırmaşırsan, amma çox da yellənə-yellənə də çıxa bilmirsən ki, məqsəd səhər günəş çıxanda sən düz vulkanın kraterində oturub günəşi seyr edə biləsən. Buna dəyər. Həqiqətən buna dəyər! 

Buludlardan hündürdə idim və digər çoxlu insanlar da var idi, hamı kinoteatrdakı kimi oturub günəşi gözləyirdi. Günəş çıxanda hamı başladı əl çalmağa. İnanılmaz bir həyəcan olur, çünki bu gün çıxımı nəinki mənim, əminəm ki orda olan bir çox insanın həyatında gördüyü ən yadda qalan an idi. Yerli əhalidən insanlar bu boyda yolu belində böyük termusla çay qaldırırdı ki, üşüyən insanlara satsınlar. O zəhməti təsəvvür edib hamı alırdı, həm də doğurdan səhər yeməyi çaysız yaxşı getmir. Bizə verilən o səhər yeməyi qutularında çiy yumurta var idi. Sizcə niyə? Ölsəm, ağlıma gəlməzdi. Deməli qeyd etdiyim kimi Mount Batur aktiv vulkandı. Bu o demək deyil ki, içində lava oynayır, sönmüş vulkan növünə aiddir. Amma otla ağacla dolu kraterində içərilərə doğru deşiklər var idi, çox da dərin olmayan. Həmin o hissələrə bu yumurtanı qoyursan və vulkanın istisi yumurtanı bir neçə dəqiqəyə bişirməyə kifayət edir. Təbii ki şokda idim, amma bundan da böyük şok var idi, təzədən bu qalxdığın yeri geri düşmək. Meymunlarla oynaya-oynaya düşdük, bahalı idman ayaqqabılarım pis günə düşsə də, geri yol daha rahat gəldi. Və bu yuxusuz və yorğun gecənin əvəzini həmin o hüzur dolu Ubud şəhərində saatlarla yataraq çıxara bildim. Ümumilikdə qeyd edim ki, bu vulkan turu hardasa nəqliyyat daxil 25 dollara başa gəlmişdi.

Balidən Cakartaya qayıtmaq çox ağır idi

Balidən Cakartaya qayıdanda məyus oldum. Çünki Bali eləbil başqa ölkədi. Burada nə din, nə də insanlar üstünə gəlir. Boş stullarda enerjidən ibarət tanrıya inanırlar, öz sevdikləri hər şeyi də tanrılarına təklif edirlər. Gül, yemək, siqaret və s. Hər günün sonunda da, həmin gülləri yolların kənarında olan arxa buraxırlar. Gəzirsən, elə bilirsən ümumiyyətlə yer kürəsində deyilsən. Bu qədər hüzur hardandı?!

Baliyə və ümumiyyətlə İndoneziyaya olan tək səfərimdən çox nəticə çıxardım. Bir növ dönüş nöqtəsi oldu həyatımda. Bildim ki, Rüfət əslində tək olanda daha maraqlı insandı. O qədər insanın özü ilə, fikirləri ilə və qorxuları ilə tək qalmaq şansı olur ki, inanılmaz yetkinlərşirsən və bunu ən azından Bakıya qayıdarkən insanlar sənə fikir kimi bildirir. 

Qayıdandan sonra İndoneziya barədə daha detallı araşdırmalar etdim, başa düşdüm ki nəinki 6 həftə, 6 ay belə az ola bilər, belə bir ölkə üçün. 

Mütləq gedin!

Bir cavab yazın

Your email address will not be published.