Şəki haqqında hər şey – gəzməli yerlər, restoranlar, tarix və təbiət

Başla
9 dəqiqəlik məqalə

Şəki səfərimin kökündə bu şəhərə uşaqlıqdan olan marağım dayanırdı. Buranın yumor hissi yüksək olan insanları, qədim tikililəri və möhtəşəm təbiəti həmişə diqqətimi çəkirdi. Ancaq heç vaxt imkan edib bura yollana bilmirdim. Bu dəfə Şəkini internetdə araşdırıb yola çıxdım.

Şəki Bakıdan təxminən 300-350 km məsafədədir və avtomobil ilə hardasa 5-6 saata getmək olar. Şəhər və şəhərətrafı yerlərin gəzintisinə daha çox vaxt ayırmaq üçün yola səhər saat 7-də çıxdım və hardasa saat 1-də Şəkiyə çatdım.

Şəki şəhərindəki Çələbi Xan Restoranı

Şəhər ilə tanışlığım Şəki yeməklərini dadmaqla başladı. Şəkiyə çatanda günorta saatları olduğu üçün bütün Şəkililərin təriflədiyi Çələbi Xan restoranında nahar elədim. Çələbi Xan restoranı Bəxtiyar Vahabzadə adına olan parkda yerləşir. Buraya hər növbəti gəlişinizdə mütləq Xan və Koroğlu kabablarını, Xan aşını, Nar qovurması, Dobu dolması, Girs, Maça, Dobu bozbaşı və Piti kimi yeməklərin dadına baxmağınızı tövsiyə edirəm. 6 böyük və 2 uşaq üçün verdiyim sifarişə 100-120 AZN civarında xərc çıxdı. Çələbi Xan restoranındakı yeməklər ilə restoranın saytında tanış ola bilərsiniz.

Şəki Xan Sarayı

Şəkinin qürur mənbəyi, keçmişini bugününə bağlayan və UNESCO-nun Ümumdünya irsi siyahısına namizəd ən önəmli tarixi-əhəmiyyətli xəzinəsi – Şəki Xan Sarayı. Saray Şəkinin 300 illik tarixi qoruyub saxlamış və bugünə qədər günümüzə gətirmişdir. Saray 18-ci əsrdə sonuncu Şəki xanı Hüseyn Xan Müştaq tərəfindən inşa etdirilmişdir. 30 metr uzunluğunda iki mərtəbəli 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvana sahib olan saray fars memarlıq üslubunda tikilmişdir.

Tikildiyi zaman daha çox şəhər məhkəməsi olaraq nəzərdə tutulsa da, bəzən Şəki xanı tərəfindən yay iqamətgahı kimi də istifadə edilirdi. Sarayın ən maraqlı xüsusiyyətlərindən biri fasadında və pəncərələrində “şəbəkə” adlanan taxta işləmələrin mismar istifadə edilmədən hazırlanmasıdır. Hal-hazırda muzey olaraq fəaliyyət göstərir və giriş biletinin qiyməti böyüklər üçün 2 AZN təşkil edir.

Dairəvi Məbəd və ya Nuxa Üçmüqəddəs Kilsəsi

Bu məbədlə bağlı fikirlər birmənalı deyil. 20-ci əsrdə buraya tədqiqata gəlmiş mütəxəssislər tərəfindən məbədin 19-cu əsrdə ruslar tərəfindən tikilməsi qənaətinə gəlinmişdir. Bəzi mütəxəssislər isə məbəd-kilsəni Qafqaz Albaniyası dövrünə aid edirlər.

Burada diqqətimi çəkən digər bir xüsusiyyət isə məbədin bağçasında rastlaşdığım qəbirlər oldu. Sən demə bu qəbirlər Nuxada vəfat etmiş bir neçə yüksək çinli rus məmuruna məxsusdur. Hal-hazırda məbədinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi mövcuddur. Şəki Xan sarayından qayıdandan sonra bura mütləq baş çəkin.

Yuxarı Karvansaray

Şəki şəhərinin ən gözəl küçəsi olan Mirzə Fətəli Axundov küçəsində yerləşən 18-19-cu əsrlərdə 5 böyük karvansaray mövcud idi. Yuxarı Karvansaray, bugünə qədər gəlib çatmış 2 karvansaraydan biridir. 3 mərtəbəli bu karvansarayın sahəsi 6000 m2, otaqlarının sayı isə 300-dən çoxdur. Şəki karvansarayının 1-ci mərtəbəsi tacirlərin mallarını yığması, 2-ci mərtəbəsi ticarət etməsi, 3-cü mərtəbəsi isə yaşamaları üçün nəzərdə tutulmuşdu.

Kiş Alban Məbədi

Şəki şəhərinin mərkəzindəki görməli yerlərdən sonra üz tutdum Kiş Alban məbədinə. Bəzi mənbələrdə Kiş kəndində yerləşən məbəd bütün cənubi Qafqazın ilk kilsəsi olaraq qeyd edilir. Kilsəyə gedən yol kəndin dolanbaclı küçələrindən keçir. Məbəd kəndin ən hündür nöqtələrindən birində yerləşir.

Kilsə bugünə qədər yaxşı qorunub saxlanıb və 2000-2001-ci illərdə restavrasiya olunub. Elə həmin illərdə burada tədqiqat aparan Norveç alimlərinin gəldiyi qənaətə görə Şəki şəhərindəki bu kilsə 10-11-ci əsrlərdə inşa edilmişdir.

Kilsədə ən çox diqqətimi çəkən nüans kilsənin altının tamamən xristian qəbirləri ilə dolu olmasını öyrənmək oldu. Bu qəbirlərdən bəzilərini kilsə ətrafında qazılmış quyular vasitəsilə görmək də olur. Hal-hazırda bura muzey kimi fəaliyyət göstərir və giriş 2 AZN-dir.

Əgər Şəki səfəri ilə bağlı təlimatı bəyəndinizsə şərhlərdə oxumaq istədiyiniz şəhər haqqında yazın. Digər ölkələrə və bölgələrimizə səyahət haqqında saytın səyahət bölməsinə daxil olun.

Bir cavab yazın

Your email address will not be published.