Tiflis yaxşı ideyadı

Başla
11 dəqiqəlik məqalə

Tiflis həmişə yaxşı ideyadı. Hətta ömründə heç vaxt Tiflisdə olmayan həmyaşıd və yeni tanıdığım insanlara qarşı bir stereotip də formalaşır içimdə. Niyə də axı getməyəsən? Və niyə də dəfələrlə getməyəsən?

20 dəfədən çox olmuşam orda, və bu yaxınlarda yenidən planladığım bir yerdi.

NƏQLİYYAT

Əsasən avtobus ilə gedib, qatar ilə qayıtmağı məsləhət görürəm soruşanlara, çünki 15 manata olan avtobus daha tez çatır. Bakıdan axşam saat 9-da, 11-də ya 11:50-də çıxır, bütün işlərini rahat görüb yola düşmək və səhər tezdən çatmaq üçün yaxşı variantdı. Qatar həmişə can rahatlığıdı, lakin axşam 9-a qalmış çıxıb səhər 9-da çatmağı deyirlər və mənim təcrübəmdə ən tez çatma vaxtı 10:30 olub. Platskart 23 azn, kupe-nin qiyməti isə 35 azn-di səhv etmirəmsə. Bir sözlə zövqə görə dəyişə bilər.

PUL

Dostlarımla dəfələrlə getsək də ora, hər dəfə səyahət günü yazırlar ki, Rüfət özünlə manat götürürsən yoxsa dollar? “Səncə 3-4 günə nə qədəm bəs eliyər?”

Manat və ya dollar aparmağın heç bir fərqi yoxdu, amma mən həmişə dollar ayırıram ki, öz milli büdcəmə müdaxilə etmiş olmayım. (Amma devalvasiya olan vaxtlarda Tiflisdə manat dəyişməyə yer tapmaq olmurdu.)

Təxmini 3-4 günlük səhayət üçün 1 nəfərə 100 dollar məncə yaxşıdı. Çünki Tiflisə camaat ona görə gedir ki çox pul xərcləməsin. Tiflisdə 300 dollar xərcləməkdənsə, o pula Amsterdama gediş-qayıdış təyyarə bileti almaq olar.

QALMAĞA YERLƏR

Kaprizlisinizsə, zatən Tiflisə getməyin. Çünki Tiflis çox səmimi bir yerdi. Bakı kimi zibili altında gizlətmir, nə varsa odur.

Hostel yaxşı təklifdi. Okay, idealda mən də otel sevirəm amma neyləmək olar. Deso hostel ən bəyəndiyim hosteldi. Çünki 2-4-6 + nəfərlik otaqları var və sayımıza görə otaq tapırıq. Çox da ucuz deyil, adam başına 20 manat falan düşün 4 nəfərlik otaqda amma yerləşməsi möhtəşəmdi (Opera binası ilə üzbəüz, Şota Rustavelli küçəsi 26). Burda yer tapmasanız da, itətök hostel var hər 3 metrdən bir.

Gürcüstanda mənə elə gəlir xüsusi “zavtrak” mədəniyyəti yoxdu amma həmişə Acarski xaçapuri sifariş verib xoş bir günə başlamaq olar. Yerli mətbəx üçün ən məşhur yer Samikitno-du məncə, hər yerdə var, ucuz da deyil amma getməli yerdi. Adı gürcü dilində yazılır deyə bilmirsən haradı amma soruşanda hamı tanıyır. İkinci elə gürcü yeməkləri və üstəgəl gürcü canlı mahnıları ilə qəşəng atmosferi olan əyləncəli yer Taqlaura restoranıdı ki, axşam yeməyi + yerli çaxır üçün əla şansdı (illər öncə olmuşam). Sadəcə taksi sürücüsünə başa salın ki, Ortaçala yaxınlığında olan Taqlaura-ya aparsın sizi. Amma yenə də çox ac olsaz, yarda olsa oturun.

Pub ən çox sevdiyim yerdi. Tiflisdə də axtardığım atmosferdə olan 2 yer tanıyıram əsas, bir Canudos Ethnic Bar, bir də Fabrika. Fabrika bu aralar ala itdən məşhurdu amma bu fakt, yenə də oranı pis eləmir. Çaxır, pivə, yoldan keçən xaricilər, işıqlar, şifrəsiz wi-fi və s.

Hava isti olan kimi hovuz axtarıram və bu il SPA + hovuz olan bir yer tapdıq “The Biltmore Hotel Tbilisi”. Razıyam, bahadı. 50 laridi giriş adama (35 manat). Amma di gəl, detoks suyu, yaşıl çayı, qəşəng SPA, baseyn hansı ki açıq yeri də var zaqar almaq üçün və üstəlik bütün bu gözəlliklər şəhərin düz göbəyindədi. Unutdum deməyi ki, mənim əsas axtarış filterim odur ki, mərkəz olsun. Xaricdə ictimai nəqliyyatdan istifadə etməyi sevmirəm.

Botanika bağı. Girişə pul vermədən qıraqdan baxdım, cəlb eləmədi çox da. Sözüm onda deyil. Adi marşrutka ilə getdik ora 50 tetriyə (35 qəpik), əməlli yoldu amma səndemə o yolu daha zövqlu və daha tez, şəhərin mərkəzindən kanatla getmək olardı. Botanika bağına girməsəniz də də belə ordan mənzərə əladı, xüsusən də axşam vaxtı.

TƏBİƏT VƏ MƏBƏD

Tiflisin özündə olan ən məşhur və böyük kilsə Sameba-dı. Ordan olan panorama da qəşəngdi.

Tiflisdən biraz uzaqlıqda (əslində bir xeylaq yol var) Lahıcı xatırladan Mtsxeta şəhərciyi var. Çox maraqlı bir yerdi, başdan ayağa muzeyə oxşayır. Və bura gəlmişkən isə mütləq Cvari monastrına gedin. Cvari haqqında biraz oxusanız, zatən istəyəcəksiz getmək https://en.wikipedia.org/wiki/Jvari_(monastery).

Cvari monastrına getməyin əsas 3 səbəbi var:

  1. Monastrın özü və yerləşdiyi ərazinin havası
  2. Monastr yerləşdiyi hündürlükdən görsənən inanılmaz iki çay qovuşması səhnəsi
  3. Ordan qayıdarkən yolüstü otura biləcəyiniz o möhtəşəm “Salobie” restoranı! Xahiş eliyirəm gedin ora.

Yazım biraz uzun oldu, amma bunu da deyim. Əvvəllər olmamışdım amma bir dəfə dostlarımın təkidi ilə gəzə-gəzə Kür sahili ilə, Suxoy most-a getdik. Körpüdü, deyəsən altından çay axmır deyə adı elədi)) Amma burda vintaj əşyalar və maraqlı pin-lər satılır. Heçnə almasan belə, sadəcə baxmaq da zordu.

Bəs bizdəki tarqovıy kimi yer var orda da?! Kimi çox suallar almışam. Məncə var, özü də iki dənə. Biri Şarden küçəsi, biri isə Kürün o biri tərəfində Dimitri Uznadze küçəsidi. Yerli camaat ora nə deyir bilmirəm amma Dimitri Uznadzeni tapmaqda çətinlik çəksəz sadəcə Marcanaşvili metro stanstansiyasını tapın, o kifayət edir.

Ümidvaram Tiflisə dəfələrlə getmə səbəblərimin 50 faizini ifadə edə bildim amma yenə də suallar yaranarsa, buyurun.